close
close
01-03-2024

Şəkər çuğundurunda yüksək məhsuldarlığı necə əldə etmək olar?

Şəkər çuğunduru məhsulunda yüksək məhsuldarlıq əldə etmək üçün səpin mümkün qədər tez aparılmalıdır. Əkin nə qədər gec aparılarsa, məhsuldarlıq bir o qədər aşağı olar. 
Mart ayının 1-də əkilən çuğundurla, aprel ayının 1-də əkilən çuğundurun məhsuldarlığı arasında 10%-dək fərq olur. Əkinə mart ayının əvvələrindən başlamaq optimaldır. Tələb olunan optimal müddətlərdə çuğundur əkinlərinin aparılması üçün ilk öncə düzgün əkin planlarının hazırlaması tələb olunur. Planlarda torpaq hazırlığı, gübrələmə, hansı sortların və ya hibridlərin əkilməsi, suvarma rejimi və bitki mühafizə vasitələrinin tətbiq reqlamenti öz əksini tapır.
Lakin şaxta riski olan bölgələrdə diqqətli olmaq lazımdır. Çuğundurlar kotiledon mərhələsində şaxtanın təsirinə xüsusilə həssasdırlar.
Çuğundur toxumun parlaq qonuru qırmızı rəngli qılafdan və ikiləpəli rüşeymdən ibarətdir. Toxum meyvənin içərisində yerləşir ki, onun çəkisi meyvənin çəkisinin 20-30%-ni təşkil edir. Toxumun çəkisi 2-4 mq təşkil edir. Cücərmə enerjisinin az olması səbəbindən toxumu dərinə basdırmaq olmaz. 1000 dənin çəkisi 15-20q təşkil edir.
Hal-hazırda əkinlərdə istifadə olunan toxumlar xüsusi texnologiyalarla qranullar şəklində emal olunur. Belə ki, toxumların əvvəlcədən cilalanmış səthinə bir dolğu qatı (məsələn, bentonit gil və torf süspensiyası qarışığı) tətbiq olunaraq onlara sferik forma və dəqiq səpini təmin edən toxumun mövcud ölçüsündən daha böyük bir kütlə verilir. Mövcud toxumlar satıcı şirkətlər tərəfindən zərərvericilərdən qorunmaq üçün həm insektisid, həm də funqisidlərlə işlənmiş olduğu üçün səpindən əvvəl toxumun dərmanlamasına ehtiyac qalmır.
Cərgəarası məsafə 45 sm, toxumlar arasında 18 sm olması şəkər çuğundurunun qida sahəsi baxımından olduqca əhəmiyyətlidir. Əsas məqsəd kvadrat metrə 12 toxum və buna görə məhsul yığımında təxminən 8-12 bitki (ideal olaraq hər kvadrat metrə 10 bitki) qoruyub saxlamaqdır.
Sahədə bu toxum sayının səpilməsi ideal bitki sıxlığına sahib olmağa imkan verir. Səpin dərinliyi adətən 2.5-3 sm olmalıdır. Daha dərinə düşdükdə toxumun cücərmə enerjisi az olduğu üçün normal çıxışlar almaq mümkün olmur. Aydındır ki, səpin normasına qərar verərkən toxumların cücərmə qabiliyyəti də nəzərə alınmalıdır.
Şəkər çuğundurunun bərabər çıxışlarının alınması yüksək məhsuldarlıq əldə etmək üçün mühüm amildir. Yüksək məhsuldarlıq sağlam, məhsuldar bitkilər və bitkinin mövcud resurslardan istifadə etmək qabiliyyəti arasında düzgün tarazlıqdan başlayır.