close
close
06-04-2024

Pambıq toxumunun səpini

Pambıq bitkisinin toxumu olan çiyid torpağa səpildikdən vegetasiyanın axırınadək 5 əsas faza keçirir: 

  • Çıxış və ya ləpə yarpaqları fazası;

  • Əsl yarpaqların əmələ gəlməsi fazası;

  • Qönçələmə və yaxud simpodial budaqların əmələ gəlməsi fazası;

  • Çiçəkləmə fazası;

  • Yetişmə (yaxud da qozaların açılması) fazası.

Pambıq bitkisinin kök sistemi şaquli istiqamətdə inkişaf edən mil kökdən və bunun üzərində əmələ gələn yan köklərdən ibarətdir. Kökün normal inkişafı torpaq şəraitində əkilən sortun xüsusiyyətindən asılıdır. Köklərin normal inkişafı üçün torpaq yumşaq, nəm və qida maddələri ilə zəngin olmalıdır. Nəmliyin həddən artıq azlığı və ya çoxluğu, torpağın bərkliyi və ya şoranlığı kök sisteminin inkişafına mənfi təsir edən amillərdir. Köklər torpağın qidalı hissələrində daha çox inkişaf edir. Nəmlik kök sisteminin inkişafını istənilən tərəfə yönəldir. Mənşəyi tropik ölkələrlə bağlı olduğu üçün pambıq bitkisi istiliyə çox tələbkardır. Elə, ona görə də bu bitki respublikamızın isti günlərinin sayı çox olan rayonlarda geniş becərilir. Toxumun cücərməsi daxil olmaqla pambığın yaxşı inkişaf edib məhsul verməsi üçün optimal temperatur 25-30 dərəcədir. Temperatur 25 dərəcədən aşağı düşdükdə bitkinin inkişafı ləngiyir, 20 dərəcədə istilik çatışmadığı hiss edilir. Pambıq işığa tələbkar bitkidir. Bütün gün ərzində günəş şüalarının düşdüyü açıq sahələr pambıq üçün əlverişli sayılır. İşıq amili bitkidə fotosintezin normal getməsində, məhsuldarlığın artmasında xüsusi əhəmiyyət kəsb edir. Bu amilin təsiri bitkinin becərildiyi torpaq-iqlim şəraitindən, morfoloji və bioloji xüsusiyyətlərindən asılı olaraq da dəyişilə bilir. Nəhayət, pambıq bitkisində cücərmədən 3-9 gün sonra qısa gün təsirinə həssaslıq hiss edilir. Elə bu xüsusiyyətinə görə pambıq bitkisini qısa müddətdə əkir və məhsulunu götürürlər. Pambıq bitkisi müxtəlif torpaqlarda bitir. Əkin qatı qalın olan məhsuldar torpaqlar bitkinin normal böyüməsi və inkişafı üçün daha əlverişlidir. Pambığın normal inkişaf edib, yüksək məhsul verməsində torpaqaltı sularının hansı dərinlikdə yerləşdiyinin də böyük əhəmiyyəti vardır. Xüsusilə qrunt suların üzdə olması bitki üçün zərərlidir. Qrunt suların torpaqda 3 m-dən artıq dərinlikdə yerləşməsi pambıq əkini üçün zərərsiz sayılır. Bu bitki nisbətən şoranlığa davam gətirsə də, duzların artıqlığından çox əziyyət çəkir. Pambıq başqa bitkilər kimi çoxlu su buxarlandırdığına görə də suya tələbkar bitkidir. Bitkinin güclü inkişaf etmiş kök sistemi onun suya tələbatını müntəzəm təmin edir. Lakin pambığın normal böyüyüb, inkişaf etməsi və bol məhsul verməsi üçün hava şəraitindən asılı olaraq əlavə suvarma vacibdir.