close
close
20-02-2024

Azotlu gübrələrlə yemləmə

Payızlıq buğda bitkisinin azot (N) elementinə tələbatı inkişafının ilk günlərindən başlayır və dənin dolması qurtarana qədər davam edir. Bitkidə azotun maksimal miqdarı çıxışların alınmasından yaz kollanmasına qədər quru maddəyə görə 4,5-6,0% təşkil edir. Bitkinin boy və inkişafı davam etdikcə azotun miqdarı azalır və tam yetişmə fazasında 1,0-1,3% təşkil edir. Bununla əlaqədar olaraq erkən yaz dövründə azot gübrəsi ilə yemləmə aparılması yüksək məhsulun formalaşmasında və sünbülləmə dövründə yüksək zülallı və kleykovinalı dən məhsulunun alınmasında mühüm əhəmiyyət kəsb edir. Payızlıq buğdadan yüksək keyfiyyətli, planlaşdırılmış dən məhsul əldə etmək üçün yarpaqlarda ümumi azotun optimal miqdarını saxlamaq zəruridir: quru maddəyə görə kollanma fazasında 5,0-5,5%, boruya çıxma fazasında 4,5-5,0% və sünbülləmə fazasında isə 3,0-4,0% olmalıdır.

Torpaqda, yazın əvvəlində temperatur aşağı olur ki, bu dövr taxıl bitkilərinin azota ən çox ehtiyac duyduqları (kollanma və boruya çıxma fazaları) dövrdür. Bu həm bitkilərin xarici mühit amillərinə qarşı müqavimətini azaldır, həm də kollanma əmsalını aşağı salır. Nəticədə bitkinin ümumi inkişafını ləngidir. Buna görə də bu dövrdə azotlu gübrələrlə yemləmə aparmaq lazımdır. Yemləmə gübrəsi - bitkinin vegetasiya dövründə verilən gübrədir. Azotun (N) erkən mərhələdə tətbiq edilməsi kollanmanı stimullaşdırır.