“Grand-Agro” LLC operates within “Agro Food Investments” LLC group of companies.
close
close
Qarğıdalı

Təsərrüfatlarımızda yüksək məhsuldarlıqlı qarğıdalı sortlarının intensiv texnologiyalar əsasında becərilməsinin təşkil olunması

Qarğıdalının heyvandarlıq üçün qiymətli bitki olmasının səbəbi yüksək qidalı qarışıq və şirəli yemlərin mənbəyi kimi bütün növ heyvan və quşlar üçün faydalı olmasıdır. Dən, silos, təzə-yaşıl yem və emal qalıqları kimi istifadə olunmaqla eyni zamanda bir neçə məsələni həll etmək imkanına malikdir. Qarğıdalı üçün bir sıra bitkilər sələf götürülə bilər. Bununla belə ən yaxşı sələf payızlıq buğda, arpa, çovdar, dənli-paxlalılar, çoxillik yem, cərgəarası becərilən, tərəvəz bitkiləri hesab olunur. Qarğıdalının özü isə payızlıq və yazlıq bitkilər üçün yaxşı sələfdir. Qarğıdalının əkini zamanı başqa dənli bitkilərdən fərqli olaraq onun coğrafi yayılmasını nəzərə almaq lazımdır və bununla əlaqədar olan təbii şərait, becərmənin məqsədləri (yem və ya ərzaq) nəzərə alınmalıdır. Çox turş torpaqlarda qarğıdalı yaxşı inkişaf etmir. Onun normal inkişafı üçün torpaq mühitinin reaksiyası neytral olmalıdır (pH-6-7). Odur ki, bu bitkinin becərilməsi zamanı bir tərəfdən bitkinin bioloji xüsusiyyətləri, digər tərəfdən yerli torpaq iqlim şəraiti nəzərə alınmaqla bitki üçün müvafiq aqrotexniki tədbirlər seçmək lazımdır. 

Torpağın becərilməsi İlk olaraq qarğıdalı əkiləcək sahədə əvvəlcə 8-12 sm dərinlikdə sələf  bitkilərindən sonra üzləmə aparılır. Bu əməliyyat əvvəlki sələf bitkisindən qalan bitki qalıqlarının xırdalanmasına, torpağın üst qatının yumşaldılmasına, alaq otlarının toxumlarının cücərməsinə və sonradan onun mexaniki yolla məhv edilməsinə, nəmliyin saxlanmasına və s. proseslərə müsbət təsir edir. Ənənəvi olaraq qarğıdalı əkiləcək sahədə 25-30 sm dərinlikdə şum aparılsa da son dönəmlərdə torpaqda antropogen və təbii amillərin təsirindən formalaşan kipləşmiş qatın dağıdılması məqsədilə reper və ya dərin yumşaldıcı ilə 35-45 sm dərinliyində dərin yumşaltma aparılması zəruri hesab edilir. Uzun müddət əkinçilik fəaliyyəti ilə məşğul olunan torpaqlarda bu prosesi hər 5 ildən bir, yeni mənimsənilən və torpaqda üzvi maddələrin az olduğu, su-fiziki xassələri zəif olan torpaqlarda hər il aparılması məqsədəuyğundur. Qeyd edilən əməliyyatlar nəticəsində torpağın su-fiziki xassələri yaxşılaşmaqla, torpaqda aerasiya prosesi yaxşılaşır. Torpağın səpin qabağı hazırlanması məqsədilə sahədə səpindən 1-2 gün öncə kompleks kultivator ilə torpağın üst qatı işlənir. Bu zaman kultivatorun hərəkət istiqamətinin səpin istiqamətindən müəyyən bucaq altında olmasına diqqət yetirilməlidir.  Eyni zamnada torpaq səthinin hamar olması, 10 sm dərinlikdə torpaq hissəciklərinin ölçüləri toxumun tam örtülməsinə və kiplik tələbinə cavab verməsinə, cücərmiş və torpaqda olan alaq otlarının tam məhv edilməsinə, həmçinin aqreqatın işçi orqanlarına (cizellərə) bitki qalıqlarının toplamasına nəzarət edilməlidir. Torpağın səpinqabağı becərilməsi toxum yatağının normal hazırlanmasına, toxumların normal dərinliyə basdırılmasına imkan verir.Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-1°C istilik olduqda əkilməlidir. Torpaqda temperatur 10-12°C  olduqda kütləvi cücərtilər alınır. Bitkilərin normal inkişafı üçün optimal temperatur 20-25°C hesab olunur. Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Torpaqda nəmlik normal olduqda toxumun basdırılma dərinliyi 8-10 sm təşkil edir. Ağır mexaniki tərkibli torpaqlarda bu 6-7 sm dərinliyə qədər azaldılmalıdır.  Səpin norması 1 ha sahədə 80 min bitki sayının alınmasına uyğun təyin olunur. Cərgəarası məsafə 70 sm bitki arası məsafə 18 sm götürülür.

Qarğıdalının mexanikləşdirilməsinə onun səpinində yüksək dəqiqlikli toxumsəpənlərdən istifadə, suvarılmasının mexanikləşirilməsi, gübrələnməsi, alaq otları, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri məqsədilə pestisidlərin çilənməsi və yığımın təşkilindən ibarətdir. Bir sıra təsərrüfatlarda cərgə aralarında kultivasiya işləri (birinci kultivasiyanın 8-10 sm, ikincinin 6-8 sm, üçüncünün isə 5-6 sm dərinliklərdə aparılması) nəzərdə tutulsa da, intensiv texnologiyaların tətbiq olunduğu təsərrüfatlarda kultivatorlardan istifadə minimuma endirilir və ya demək olar ki, istifadə olunmur.Qarğıdalı qida maddələrinə tələbkar bitkidir. Odur ki, əkindən daha öncə torpaqda qida maddələrinin miqdarının müəyyən olunması və ona uyğun qida maddələrinin miqdarının müəyyənləşdirilməsi tələb olunur. Bununla yanaşı vegetasiyanın müxtəlif mərhələlərində torpaq və bitki analizi yolu ilə qida maddələrinin mənimsənilməsi dinamikasının müəyyənləşdirilməsi və ona uyğun gübrələmə proqramına düzəlişlərin edilməsinə də ehtiyac vardır. 1 ton qarğıdalı məhsulu (dən) ilə torpaqdan 30 kq azot, 10 kq fosfor və 29 kq kalium aparır. Odur ki, torpaqda olan qida maddələrinə və planlaşdırılan məhsula görə gübrə normaları hesablanır. Fosfor və kalium gübrələri payızda şum altına verilir. Azotlu gübrələrin isə (ammonium nitrat, kabramid və s.) 30 % səpinlə birgə, qalanı isə vegetasiya müddətində yemləmə şəklində tətbiq edilr.

Böyümə və inkişafının ilk dövrlərində qarğıdalı azot və fosfora daha çox tələbkar olsa da, bu gübrələrlə yanaş keyfiyyətli məhsulun əldə olunması üçün mikrogübrələrə də ciddi ehtiyac vardır. Odur ki, hektara 1-1,5 kq Cu, Fe, Mn, Mo, Zn içərikli kompleks gübrələrin verilməsi məqsədəuyğun hesab edilir. Qarğıdalı bitkisi suvarmalara çox həssasdır. Suvarmalar bitkinin inkişaf fazalarında uyğun torpaqda nəmlik dinamikası izlənilməklə həyata keçirilməlidir. İlk inkişaf dövründə qarğıdalının suya olan təlbatı az olsa da vegetasiyanın sonlarına doğru bu təlabat artmağa başlayır. Hektardan məhsuldarlıq 10 ton planlaşdırıldığı halda qarğıdalının vegetasiya suvarma norması 9800 m3\ha təşkil edir.Qarğıdalı becərilən bütün təsərrüfatlarda bitkinin məhsuldarlığına, onun keyfiyyətinə mənfi təsir göstərən əsas amillərdən biri alaqlanma səviyyəsi, ziyanverici həşəratlar və xəstəliklərdir. Təbii-iqlim şəraitindən asılı olaraq müxtəlif bölgələrdə qarğıdalıda ziyanvericilərdən payız sovkası, qarğıdalı və çəmən kəpənəyi, zəlicə böcəyi, xəstəliklərdən tozlu və qovuqlu sürmə, helmintosporioz, gövdə, qıca və dəndə bakterioz, qıcalarda qırmızı sürmə, pas və s. geniş yayılaraq məhsuldarlığa ciddi ziyan vurur.  Odur ki, qeyd edilən xəstəlik və zərərvericilərlə mübarizə məqsədilə ərazinin təbii iqlim şəraiti, xəstəlik və zərərvericilərin, alaq otlarının biologiyası nəzərə alınmaqla mübarizə məqsədilə əvvəlcədən dərmanlama proqramının işlənib hazırlanmasına ehtiyac vardır. Bununla yanaşı vegetasiya müddətində davamlı olaraq sahələrdə monitorinqin (skautinq) aparılmasına və xəstəlik və zərəvericilərə qarşı profilaktik mübarizə üsullarının aparılmasına ehtiyac vardır. Lakin diqqətə almaq lazımdır ki, xəstəlik və zərəvericilərin miqdarı iqtisadi zərərvermə həddindən çox olduğu halda qeyd edilən mübarizə tədbirlərinin həyata keçirilməsinə ehtiyac duyulur.

Qeyd etmək lazımdır ki, qarğıdalı bitkisinin xəstəliklərinin 55-80%-i dən vasitəsi ilə keçir və ona görə də əsas mübarizə tədbirlərindən biri toxum materialının vaxtında keyfiyyətlə dərmanlanmasına diqqət ayrılmalı və ya dərmanlanmış toxumlardan istifadəyə üstünlük verilməlidir.