"Azərşəkər" MMC və Özbəkistanın “Global Textile” şirkətlərinin iştirakı ilə həyata keçirilən “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməli qoyulub
Paylaşın Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bakıda Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC-nin “Tekstil Klasteri” layihəsi üzrə istehsal müəssisəsinin təməlqoyma mərasimi keçirilib.
Mərasim çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə və “Global Textile Group”un sədri Muzaffar Razakov müəssisənin onlayn formatda təməlinin qoyulmasını bildirən düyməni basıblar.
“Textile Horizon” MMC-nin təsisçiləri “Azərşəkər” MMC, “Global Textile” LLC və Azərbaycan-Özbəkistan İnvestisiya Fondudur.
“Tekstil Klasteri” layihəsi çərçivəsində pambıq əkinindən başlayaraq mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalı nəzərdə tutulur.
11,2 hektar ərazidə yerləşəcək müəssisədə illik 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsalı planlaşdırılır. Məhsulların həm daxili bazara, həm də xarici bazarlara çıxarılması nəzərdə tutulur.