close
close
Xəbərlər

“Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə Sabirabadda keçirilən pambıqçılığın inkişafına həsr olunmuş regional müşavirədə iştirak edib

İyunun 24-də Sabirabad rayonunda Azərbaycan Respublikası Prezidentinin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş regional müşavirə keçirilib.

 

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Zeynal Nağdəliyev, Kənd təsərrüfatı naziri Məcnun Məmmədov, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov, İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, yerli icra hakimiyyəti başçıları, fermerlər, sahibkarlar və pambıqçılıq sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak ediblər.

 

Prezidentin köməkçisi Zeynal Nağdəliyev çıxışında son illərdə pambıqçılıqda əldə olunan inkişafı qeyd edərək, yeni Dövlət Proqramının müasir texnologiyaların tətbiqi, emal sənayesinin gücləndirilməsi və sahənin səmərəliliyinin artırılmasına xidmət edəcəyini bildirib. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə klaster əsaslı inkişafın, müasir suvarma sistemlərinin, texnika təminatının və əlavə dəyər yaradan emal istehsalının proqramın əsas prioritetləri olduğunu vurğulayıb.

 

Müşavirədə çıxış edən “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə şirkətin pambıqçılıq sahəsindəki mövcud fəaliyyəti və strateji inkişaf planlarını təqdim edib. O, şirkətin pambıq əkin sahələrinin genişləndirilməsi, müasir suvarma sistemlərinin tətbiqi, emal sənayesinin gücləndirilməsi və Mingəçevirdə Tekstil Klasterinin yaradılması kimi iri investisiya layihələrini həyata keçirməyi planlaşdırdıqlarını bildirib.

 

O vurğulayıb ki, bu strateji təşəbbüslər pambıqçılığın klaster modeli əsasında inkişafına, emal sənayesinin genişləndirilməsinə, müasir suvarma texnologiyalarının tətbiqinə, regionlarda yeni iş yerlərinin yaradılmasına və ölkənin qeyri-neft iqtisadiyyatının daha da güclənməsinə mühüm töhfə verəcək.

 

“Azərşəkər” MMC Dövlət Proqramında müəyyən edilmiş prioritetlərin icrasına dəstək vermək, aqrar istehsalda innovativ yanaşmaları genişləndirmək və kənd təsərrüfatının dayanıqlı inkişafına töhfə vermək istiqamətində fəaliyyətini davam etdirəcək.